3B1D metodu
Çox maraqlı dünyada yaşayırıq. Nə qədər söysək də, narazı olsaq da maraqlı dünyadır. Şairin dediyi kimi adam hərdən az qalır ki, “ölə, bir düşmən sevindirə” 🙂 Bu qədər maraqlı yəni. Mənim üçün müşahidə qabiliyyəti yüksək olan insanlar çox dəyərlidir. Ətrafınızda elə dostlarınız varsa, xoşbəxtsiniz. Məsələn, deyək ki, belə bir dostunuz var, oturursan cari baş verən hansısa hadisəni ona danışırsan, ondan da duruma görə adekvat bir cavab gözlədiyin anda bir də görürsən ki, adam mövzunun fəlsəfəsinə enib elə bir baxış bucağından giriş eliyir ki, əlin üzündə qalır. Ciddi deyirəm, bu adamlar müşahidə qabiliyyəti yüksək olan adamlardır. Onlar ətraflarında baş verənləri öz filtrlərindən keçirməmiş rəy vermirlər.
Bir dəfə belə dostlarımdan biri ilə “xaricdə oxuyan, oxuyub gələn, oxumaq istəyən” adamlar haqqında qısa dialoqum oldu. Bugünkü bloqum da bu haqda olacaq. Mən mövzu haqqında adətim üzrə uzun danışdım, o isə dinləyib bir natamam cümlə dedi 🙂 Bəli, bir natamam cümlə. O cümlə kifayət etdi ki, bütün hadisəni cəmləşdirib yekunlaşdırasan. O natamam cümlə nədir bilmək istəyirsinizsə, axıra kimi oxumaq zorundasınız. Siz oxuyun, mən isə Sizə xaricdə oxuyanlar haqqında danışım.
Şair Ramiz Rövşənin təbirincə desək, xaricdə oxuyanlar bir olmur, atam balası. Bunun ağıllısı var, dəlisi var, oyanmışı, yuxulusu var, ölmüşü, ölüb xəbəri olmayanları da var, hətta. Gəlin, görək xaricdə oxumuş hansı tiplər var?
Yaxşı oxuyub gəlməyənlər – Bu adamlar bir yolla ölkədən çıxır, gedir yaxşı və ya pis fərq etməz, oxuduğu universiteti əla oxuyur və oxuduqca ölkəyə qayıtmağın alternativlərini dəyərləndirəndə xarici seçir. Bu adam artıq xaric dediyimiz yer üçün adi sıravi imiqrant deyil, savadlı beyin rolunda olur. Ona görə də qara-qura qızlardan biri ilə də evlənib, vətəndaşlıq alır, işə düzəlir. Həyatını qurub bala-bala yaşayır. Arada bir vətənə də gəlir-gedir turist kimi.
Yaxşı oxuyub, gəlib ayaqlaşa bilməyənlər – Bu adamlar da bir yolla gedir, əla da oxuyur, amma problem onlar vətənə dönəndə başlayır. Heç cür iş və ictimai mühitlə, lokal xüsusiyyətlərlə ayaqlaşa bilmirlər. Bir neçə illik də olsa, tamamilə fərqli və daha yaxşı hesab etdikləri sistemin içində olduqdan sonra, ona layiq olmaq üçün illərini verib, gözünü kor edib oxuyandan sonra gəlib məsələn, biznesdə orta statistik sahibkarın yanında işə başlayanda xəyalları puç olur. Bəlkə də elə ilk iş intervyusunda o xəyalı büküb bir qırağa qoyurlar. Sonra ailə, ətraf, sosial aktivliklər və s. hər şey ona fərqli gəlir. Bir sözlə özünü “yad” hiss edir. Bu adamlar iki şey edir. Ya yenidən bir yolla ölkədən çıxır. Ya da qalır və sonadək ancaq “danışır”. Hər şeyi birdən-birə görmək istədiyi kimi görə bilməyəndə əks situasiya ilə barışmaq istəmir. Amma illər də ömürdən gedir, xəbəri olmur.
Yaxşı oxuyub, gəlib ayaqlaşanlar – Bu adamlar da yuxarıda yazdığım kimi yaxşı oxuyub gəlirlər. Onlar da görürlər ki və ya belə deyək, elə düşünürlər ki, burada onları başa düşən azdır və s. Amma qısa müddət sonra bunun dəyişməyəcəyini görüb operativ olaraq durumla ayaqlaşmağa başlayırlar. Türklərin təbirincə desək, “çıtayı yüksək tutub” hər şeyi bəyənməz vidi almaq əvəzinə, nədənsə başlamağın daha yaxşı olacağını dərk edirlər. Onlar çərçivə olsa belə, o çərçivənin daxilində də yaxşı işlər görməyin mümkün olduğuna, hətta çərçivə daxilində belə görüləcək işlərin çox olduğuna inanırlar. Bir məsələ də var ki, onlar savadlı olduğuna görə hazırkı şərtlər daxilində belə işlədikləri şirkətdə, qurumda digər həmkarlarına rəqabətdə qalib gələ bilirlər. Bəlkə də tapşırıq, kiminsə adamı və s. olduğuna görə ən təpə menecmentə yüksəlməsə belə, ən pis halda onların vacib bir qolunun idarəçisi, köməkçisi falan ola bilirlər. Bu gün n qədər belə nümunələr var. Bir sözlə, düşünürlər ki, pis olanda hamıya pis olacaq, yaxşı olsa, onların da şansı olacaq ama. Amma oturub daha yaxşı olmanı gözləmirlər,
Oxumayıb, yola verənlər və gəlməyənlər – Bu adamlar da maraqlıdır. Onlar da bir yolla xaricə gedir, qısa müddət sonra hər şeyi unudub kef etməyə başlayırlar. Xaricin də çox vecinə deyil, bu oxuyur, ya yox. Bir də ayılır ki, vaxt bitdi, evə getmək lazımdır. Amma hansı başla?! Evdə hamı ona ümid kimi baxır, gəlib bizə də baxacaq, özünə də yaxşı şərait quracaq və s. düşünürlər. Amma heç kim bilməsə də, o özü bilir ki, vaxtı yelə verib. Gəlib fərq yarada bilməyəcək. Ona görə də min bəhanə ilə gəlməməyə çalışır. Ən aşağı işlərdə işləməyə razı olur, amma gəlmir. Zamanla belə adamların vətənləri, doğmaları ilə əlaqəsi itir. Amma özünü güclə idarə edir.
Oxumayıb, gəlib, ayaqlaşa bilməyənlər – Bəli, bu adamlar da yuxarıdakı kimi vaxt öldürüb 4-5 il sonra qayıdırlar. Yəni əvvəlkindən fərqli olaraq xaricdə qalmırlar və ya qala bilmirlər. Gəldikdə isə bacarıqlarını, imkanlarının sərhəddi ilə arzularının sərhəddini müəyyən edə bilmirlər. Layiq olmadıqları halda daha yüksək iddialarda bulunur, ona nail olmayanda isə ancaq boş-boş danışıb “bizi burada başa düşmürlər” deyib özlərini təsəlli edirlər. Guya bunlar xaricdə oxuyub gəlib, amma iş tapa bilmirlər. Öz aləmlərində “aşağı” hesab etdikləri işdə isə çalışmaq istəmirlər.
Oxumayıb, gəlib, ayaqlaşanlar – Bu da çox sadə. Onlar gözəl bilirlər ki, başda bir şey yoxdur, varsa da elə burdakılardan çox da fərqlənmir, taleyinə razı olur, bunu qəbul edir və başlayır hardansa 0-dan olsa belə başlamağa. Zamanla zəhmətləri hesabına ola bilsin bir yerlərə gələ bilirlər, yuxarı doğru addımlayarkən də “xaricdə oxuyub” sözü onlara avantaj ola bilir. Bu adamlar yuxarıdakı tiplərdən daha real düşünürlər.
Bu yuxarıdakı 6 tip haqqında bu qədər. Amma elə tiplər də var ki, onlar “quş xatirinə” xaricdə oxuyurlar. Bu adamları, yəni xaricdə “quş xatirinə” oxumaq istəyən, oxuyan adamları da 2 qrupa ayırmaq olar:
1. Məcbur olub xarici təhsil alanlar – Bu adamlar öz ölkələrində bir çox yerlərdə lazım oldu-olmadı xaricdə oxuyanlar irəli çəkildiyindən və ya onlara bəzi hallarda üstünlük verildiyinə və s. xüsusiyyətlərə görə məcbur olurlar ki, hardasa ortabab bir yer tapıb oxusunlar. Ya online, ya distant, ya da real işini-gücünü atıb gedənlər də var. Bunlar başa düşür ki, gedib elə də güclü əlavə dəyər yaratmayacaqlar, amma “zamanın tələbindən” də geri qalmaq istəmirlər. Bitirəndən sonra da “mən də oxumuşam xaricdə” sözünü işlətməkçün istifadə edirlər. İnsaf naminə deyim ki, bu adamları alqışlamaq lazımdır. Çünki onlar razılaşmasalar belə, durumla hesablaşırlar.
2. Hava atmaq üçün xaricdə oxuyanlar – Bu adətən bəlli yaşdan sonra yaranır. Adam görür ki, hər şey var, bircə xarici təhsil də olsaydı əla olardı. Belə hallarda seçirlər adı qlamur səslənən bir yeri, gedirlər ora. Dediyim kimi bu biznesdə bir müddət çalışandan sonra yaranır. Ya şirkətləri hesabına, ya hansısa təqaüd, proqram hesabına, ən pis halda öz hesabına gedib oxuyur. Belə yerlər də çox vaxt onları niyə seçdiklərini bilir, ona görə də onlara “hava”nı da məharətlə satırlar. Amma mütləq qeyd etməliyəm ki, elələri də var ki, onlar real olaraq bəlli bir səviyyədən sonra özlərinə ciddi investisiya etmək qərarına gəlir, bacarıqlarını daha da təkmilləşdirmək istəyirlər. Bu adamları da ayaqda alqışlamaq lazımdır.
Xaricdə oxuyan tipləri haqqında bu qədər. Bir də sonda mütləq qeyd etməliyəm ki, bir də elə tiplər var ki, onlar da “xaricdə oxuyan” hər kəsə qıcıqdırlar. Hər addımda hər vəchlə sübut etməyə çalışırlar ki, xaricdə oxumaq boş şeydir. Onların imkanı olsaydı, amma birinci gedərdilər. Bu da var.
3B1D metodu nədir?!
3B1D – Bizi Burada Başa Düşmürlər – cümləsinin sözlərinin baş hərfləridir 🙂 3 B və 1 D hərfi var. Onları qısaldıb metodun adını belə qoydum. Bu metod isə xaricdə oxuyub gəlib uğursuz olan, layiq oldu-olmadı ayaqlaşa bilməyən, hər şeyin günahını özündən başqalarına atan və ancaq qeybdən nələrinsə gəlib bunların əvəzinə nələrisə düzəldəcəyini düşünən adamların metodudur. Bu metod etməyi yox, danışmağı sevənlərin metodudur. Bu metod dindirəndə maarifçilik ideyalarının sadiq xidmətçisi kimi danışan, sektorun inkişafını istəyən vidi verən, amma bunu real edənlər olduqda mız qoyanların metodudur. Çalışın bu metoddan istifadə etməyin. Məğlub olmayın, heç bir məğlub məğlub olmadığını qəbul etmədiyi müddətcə məğlub sayılmaz. Mübarizə aparmaq lazımdır. 3B1D – metodu zəiflərin metodudur. Necə ki, Rəqsanə metodu, necə ki, “çaynikbaş” metodu zəiflərin seçimidir.
Salamat qalın, gələn dəfə daha faydalı olmaq ümidi ilə…
Yazar haqqında
Editor review
Summary
Dostlarımdan biri ilə "xaricdə oxuyan, oxuyub gələn, oxumaq istəyən" adamlar haqqında qısa dialoqum oldu. Bugünkü bloqum da bu haqda olacaq.
Həmçinin oxuya bilərsiniz
Sadə idarəetmə
Niyə?! Biz idarəetmə haqqında çox oxuyuruq, oxumuşuq. İstər xaricdə tətbiq edilən yeni idarə etmə modelləri, istərsə də daxildə baş verən dəyişikliklərə uyğunlaşan üsullarla tanışıq. Amma əksər hallarda tətbiqdə əziyyət çəkirik.
Azərbaycan taksit bazarı və taksit kartları haqqında sorğunun nəticələri
Son 1 ildir bank sektorunda yaşanan canlanmada böyük payı taksit sisteminin tətbiqi tutub. 5 bank artıq sistemi tətbiq etməkdədir. İlk olaraq isə İdeal və Bank of Baku bir yerdə 2011-ci
Yəhudilərə xas biznes qaydaları
Moskvada sərgidə olarkən təbii ki, vaxt edib kitabxanalarını gəzmək imkanım oldu. Aldığım kitablardan biri də Mixail Abramoviçin “Yəhidələrə xas biznes – 67 qızıl qayda” adlı kitabı idi. Kitabı almamışdan öncə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun