Algofobiya psixologiyası
Bu həftəni görüdüyünüz 4 kitabı oxumaqla keçirdim. Kitab oxumağın maraqlı tərəflərindən biri bir müddət sonra oxuduğun fərqli janr, fəlsəfə və ya istiqamət üzrə kitabların arasında bir bağlılıq, əlaqə qura bilmə hissidir. Məsələn, son dövrlər fikirlərini böyük diqqətlə izlədiyim Byung-Chul Hanın “Palyatif Toplum” kitabı ilə Rəsulzadənin 4 mühazirəsinin yer aldığı kitab arasında qəribə bir əlaqə olduğunu hiss etdim.
Chul Han bu kitabında deyir ki, günümüzdə hər yerdə algofobiya, yəni ağrı çəkmə qorxusu var, insanlar və qurumlar sonda acı, həsrət, ağrı verən hər şeydən maksimum uzaq durmağa çalışır. Mövcud problemləri, cari və ya strateji məsələ olmasından asılı olmayaraq indi həll edə bilməyən insan və ya sistem müvəqqəti ağrıkəsici kimi “palyativ demokratiya”ya üstünlük verir. Palyativ tibbi termin olub bir xəstəliyi tamamilə sağaltmağı yox, onun ilkin əlamətlərini aradan qaldırma, xəstəni müvəqqəti rahatlatma mənası verir.
Ağrı acizlik kimi qiymətləndirilir. Sən ağrıyırsansa, səni nəsə narahat edirsə, deməli acizsən fikri təlqin olunur. Halbuki ağrı-acı bədənin təbii inkişaf səbəblərindən biridir. İnkişaf, böyümə ağrısız proses ola bilməz. Ona görə də indi çox adam onu narahat edən, özündə acizlik kimi gördüyü nüansları dilə gətirmək istəmir, əksinə ətrafa “toksik pozitivlik” saçır. Daxildə isə özü ilə müharibə yekunda şəxsin özünün 21-ci əsrin xəstəliklərindən birinə yoluxması ilə başa çatır. Chul Han deyir ki, bu gün insanlara deyilən “azad ol” ifadəsi “itaətkar ol” ifadəsindən daha yıxıcıdır. Ona sırınan azadlıq əslində adı qoyulmamış könüllü əsarətdir.
Günümüzdə “qısa müddətli ağrıkəsicilər” içiboş eqo, gələcək haqqında çox düşünməmə (“gələcək uzadılmış indidir” prinsipi), daim axtarışda olma, əldə etdiyin heç nə ilə məmnun olmama, qaçaraq həyat tərzi, anın həzzini yaşaya bilməmək və s. kimi nəticələrə səbəb olur.
Bu gün dünyada çox sürətli hadisələr baş verir. Bizə elə gəlir ki, dünya heç vaxt bu qədərki kimi dolaşıq olmayıb. Halbuki çox uzaq olmayan keçmişdə, elə 20-ci əsr bütövlükdə qandan, bəladan, şər-xatadan əskik olmayıb. Görəsən, bu düşüncə ilə 1-ci və ya 2-ci dünya müharibəsi illərində yaşasaydıq nə qədər və necə xoşbəxt ola bilərdik?! Görəsən, onda da kimsə çıxıb deyəcəkdimi ki, “hər şey yaxşıdır, bu da təcrübədir, narahat olası heç nə yoxdur, ağrımırsız əslində, sizə elə gəlir, möhkəmlənirsiz və s.”
Fərdiləşmə cərəyanı topluma, cəmiyyətə aid mövzuları da maraqsızlaşdırır. Ağrı çəkməyən adam dərin xoşbəxtliyi yaşaya bilməz. Xoşbəxtlik əldə ediləndir, əldə edərkən mütləq ki, çətinliklərdən keçəcəksən Rəqəmsal dünya düzənimzidə hissiyata yer yoxdur. Rəqəmsal dünyamızın ruhu dataizm, idarə fəlsəfəsi isə data totalitarizmidir – deyir Chul Han. Əvvəllər bizə səhnəarxasında barmaraqlarına iplə bağlanmış kuklalar göstərirdilərsə, indi o ipə bağlanmış kuklaları alqoritm idarəetməsi tutur. Heroismus (qəhrəmanlıq) öz yerini artıq çoxdan hedonismusa (həzz) verib.
Rəsulzadənin “Əsrimizin Siyavuşu”nu o basa-basda yazma, düşünmə cəsarəti, 4 mühazirəsinin hər birində ensiklopdik məlumatları muncuq düzməsi, o bir tərəfə hər birinə öz mükəmməl şərhləri adamı heyrətləndirir. Bu qədər məlumatı o dövrdə tapmaq elə də asan deyildi. Üstəlik yenicə işğal olunmuş dövlətin gələcəyi barədə cild-cild kitablar yazasan, millət və milliyətçiliyin tarixindən, avropa millətlərinin təşəkkülündən inkişafına qədərki mərhələni sadalamaqla öz fikirlərini daha da möhkləndirəsən – bu nədirsə, başqa bir şeydir. Əhməd bəy Ağaoğlu da eynilə, azərbaycan və türkiyə məfkurə və ideologiyasının formalaşmasında əvəzsiz rolu var. Xatirələri adama ilham verir.
Onlarn dövründə problem yox idimi, özlərinin problemi həqiqətənmi az idi ki, belə ümum bəşəri mövzulara beyin yorurdular?! Yox, əlbəttə. Həqiqətən də hər şey mütaliə, araşdırma və fəlsəfə ilə daha aydın olur. Chul Hanın da dediyi kimi fərdiləşmə cəmiyyətə, bəşəriyyətə və onun rifahına aid mövzuları maraqsızlaşdırır. Hətta maraqsızlaşdırıb. O dövrdə isə min-bir əziyyət və qorxu altında belə oturub dünyanın, ölkənin gələcəyi haqqında nəsə yazır-pozur, yığışıb saatlarla müzakirə edirdilər. Çünki fərd olaraq bəşər qarşısında məsuliyyət hissi hakim idi. Bəs indi?! Ona görə də təbii olaraq hər bir şəxs, hər bir dövlət bugünün şərtlərində “öz ədalətini” qurub-yaratmağa, möhkəmləndirməyə çalışır.
Editor review
Summary
Rəqəmsal dünya düzənimzidə hissiyata yer yoxdur. Rəqəmsal dünyamızın ruhu dataizm, idarə fəlsəfəsi isə data totalitarizmidir
Həmçinin oxuya bilərsiniz
Ondan bir dənədir !
Bugünlərdə facebookda hər yerdə “Səndən 1 dənədir” kampaniyası viral olaraq yayılmaqdadır. Son ayların durğunluğundan sonra belə bir aktivliyin sosial şəbəkəni əhatə etməsi, insanlarda pozitiv mühit yaratması alqışa layiqdir. Amma bizdə
Məhərrəmin 5 yaşı oldu
Bizə elə gəlir ki, dünya məhz bu dövrlər çox qaynardır. Əvvəllər sanki dünya daha sakit idi. İndi isə hər gün hardasa nəsə baş verir, insanlar kütləvi şəkildə qırğına verilir, hər
Komfort zona haqqında | İctimai Radio “İdarəetmənin Əsasları” verilişi
Ötən dəfə komfort zona haqqında yazdığım bloq yazısını bu dəfə İctimai Radio “İdarəetmənin Əsasları” verilişində müzakirə etdik. Dəvət üçün Nərmin Aşurzadəyə dərin təşəkkürlər. Dinləyin, hər kəs üçün faydalı ola biləcək

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun