Yəqin razılaşarsız ki, dünyada və bizdə qəribə qeyri-müəyyənlik ab-havası var. Hamı nəyisə gözləyir, amma nəyi gözlədiyini bilmir. Sanki mövcudu qorumaq hissi bütün kəsimlərdə bu müddət üçün ən effektiv çıxış yolu sayılır. İnsanların gələcəklə bağlı görüşləri getdikcə bu günə sıxılıb. Chul Han demiş “gələcək uzadılmış indi” prinsipi daha çox hakimdir.
Artıq idarəçilərdən qətiyyətli qərarlardan daha çox istiqamət vermə tələb edilir. Hər suala cavabdan daha çox birlikdə düşünmə tələb edilir. Artıq idarəçilər bəlkə də əvvəllər bilmirəm sözünü deməyə eqosu imkan vermirdisə, indi bilmirəm, gəlin baxaq tipli yanaşma ilə daha çox fayda ala bilər. İndi bilinməzliklə yaşaya bilmə artıq bacarıq hesab edilir. Data bolluğunun içində datanı hiss etmək, alqoritmlərin arasında proseslərin fövqündə ola bilmək ciddi bacarıqdır. Data keçmişin təhlilinə dair çox yaxşı nəticələri var, amma hansı datanın artıq işə yaramadığını insan qədər hiss edə bilməz.
Bir çox liderlər qərarvermədə xəta etməmək üçün qeyri-müəyyənliyi idarə etmək əvəzinə onu nəzarətdə saxlamağa üstünlük verirlər. Qeyri-müəyyənliklə yaşamağı öyrənmək çıxış yoludur.
Matias Aleksandr deyir ki, “insanlar gələcəklərinə qərar vermirlər, alışqanlıqlarına qərar verirlər; alışqanlıqları isə gələcəklərinə qərar verir. Bu gün insanların gələcəyini şərtlər deyil, qərarlar müəyyən edir. Düzgün qərar vermək heç vaxt olmadığı kimi indi daha çox vacibdir. Çünki şərtlərin daha yaxşı olmasını gözləmək əbəsdir. Şərtlər o məntiqlə heç vaxt “yaxşı” olmayacaq. Şərtlər bizdən asılı deyil əksər vaxt, amma qərarların çoxu bizim əlimizdədir.
