Zəifliyin bazarı: özün ol, amma pulunu ver

Zəifliyin bazarı: özün ol, amma pulunu ver

Müasir kapitalizm sata bilən hər şeyi kopyalayır. İnsanın gözünün yaşına baxmadan. Hətta lazım olsa, göz yaşının özünü də.
 
Kopyalama təkcə əşyalara aid deyil. Hisslərə, düşüncələrə, davranışlara da aiddir. Necə ki, bahalı avtomobilin maraq yaratdığını görüb onun daha ucuz versiyasını çıxarırlar — eləcə də hər hansı bir hissin, emosiyanın diqqət çəkib “sata biləcəyini” görən kimi onu dərhal kopyalamaq üçün əllərindən gələni edirlər.
 
Nümunələr çoxdur. Top universitetlər “satır” deyə yüzlərlə kopyası açılıb. Uğurlu olmaq yarışı var deyə süni uğur hekayələri satan yüzlərlə alət çıxıb. Hamı gözəl görünmək istəyir deyə Instagram əlindən gələn hər şeyi edir. İnsanların diqqət çəkmək ehtiyacı olduğunu bilib ona pul xərcləməyə hazır olanlara bir kənardan TikTok baxıb qımışır.
 
Fransız filosof Baudrillard deyirdi: orijinal artıq yoxdur — yalnız onun kopyaları var. Biz indi həmin kopyaların içində yaşayırıq. Bu yalnız şəkillərə, mallara aid deyil. İnsanlara, hisslərə, hətta səmimiyyətə də aiddir.
 
Bu gün səmimiyyətin simulyasiyası onun əslindən daha çox maraq görür.
 
Yazıqlıq sindromu
 
Data hökmranlığının olduğu bu cəmiyyətdə hamı mükəmməl olmağa və görünməyə çalışır. Amma elə bir nöqtəyə gəlindi ki, bu yarışdan yorulan biri sadəcə “qüsurunu etiraf etdikdə” — bu artıq nadir bir hadisəyə çevrilir.
 
Nadir olan diqqət çəkir. Diqqət çəkən dəyərli görünür. Dəyərli olanı isə satmaq olur.
Beləliklə qüsur — sata bilir. İnsanlar zəifliklərini etiraf etməklə güvən qazanmağa çalışır. Elmin buna adı var: vulnerability performance — özünü zəif göstərərək güvən qazanmaq. Kobud desək: yazıqlıq sindromu.
 
Müasir insan özünü ifşa etməyə məcbur hiss edir — hər şey görünməlidir, hər şey paylaşılmalıdır. Zəiflik, ağlamaq, “sınmış” olmaq artıq gizlədilmir. Əksinə, performansa çevrilir. İnsan özünü göstərdikcə daha çox itirir.
 
Bazarda hər davranışa uyğun məhsul var
 
Uğurlu görünmək istəyirsən? Filan şeyləri et, gəl sənə satım. Daha səmimi, daha təbii görünərək güvən qazanmaq istəyirsən? Al bu addımları et, pul ödə — olacaqsan.
Bəzən qəribədir ki, davranışın bütün formalarına uyğun məhsulları eyni satıcı satır. Hətta məşhur brendlər var ki, orijinalla yanaşı öz fake versiyalarını da özləri istehsal edir. Niyə? Çünki bilirlər: mütləq kimsə fake edib bazardan pay alacaq — ondansa özüm daha yaxşı fake edib o pulu özüm qazanım. Ehtiyat hissələri alverçilərinin dili ilə desək — “podoriginal.” Azərbaycanda da servislər var hər iki versiyanı rahatlıqla satır. Qınamaq olmur.
 
Sartr deyirdi ki, insan özünə qarşı da yalan deyə bilər. “Mən səmimiyəm” deyən insan hətta özü də buna inanır — amma bu öz-özünü aldatmanın ən incə formasıdır. Səmimiyyəti performans kimi yaşamaq onu artıq öldürür.
 
Bəs sabah nə olacaq?
 
Nietzsche deyirdi ki, insan hər dəfə köhnənin xarabalıqları üzərində yeni bir dəyər yaradır. Bu gün mükəmməllik dəbdirsə, sabah onun xarabalıqları üzərində “qüsurluluq” taxta çıxacaq. Deyərdim ki, hazırda bazarda hər ikisini paralel satırlar.
 
Orijinal musiqilərin süni intellekt versiyaları çıxıb — bəzən onlar daha maraqlı olur. Bu aralar mən özüm ancaq o versiyalara qulaq asıram. Amma hərdən içimdən orijinalını dinləmək gəlir. Və bunların hər ikisini mənə satan eyni platformadır.
 
Bəlkə problem məhz bundadır: artıq orijinalı axtarmırıq. Sadəcə hansının daha yaxşı kopyalandığına baxırıq.
 
Bəs yazıq insan neynəsin? Əsl özünü necə tapsın? Bəlkə elə insan bu dünyaya Heydegerin dediyi kimi “atılmış varlıq” olaraq gəlir?! Əsl öz qaçışdırsa, ondan insan bəyənmədiyi hər şeydən bəyəndiyi hər şeyə qaçmalıdır?!

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 501 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Zəifliyin bazarı: özün ol, amma pulunu ver Müasir kapitalizm sata bilən hər şeyi kopyalayır. İnsanın gözünün yaşına baxmadan. Hətta lazım olsa, göz yaşının özünü də. Kopyalama təkcə əşyalara aid deyil. Hisslərə, düşüncələrə, davranışlara da aiddir. Necə ki, bahalı avtomobilin maraq yaratdığını görüb onun daha ucuz versiyasını çıxarırlar — eləcə də hər hansı bir hissin, emosiyanın diqqət çəkib “sata biləcəyini” görən kimi onu dərhal kopyalamaq üçün əllərindən gələni edirlər.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

İşə “gedib-gələnlərin” gündəliyi

#istəyirəm 9-6 bir işim olsun. 7-yə keçəndə xətrimə dəysin. Orta sinif menecer olum. Birində 1 il, birində 5 il, toplam 6 il stajım olsun. CV-mə 3 ay işlədiyim yeri isə yazmayım.

Sərbəst 0 Comments

Teymur paşama aid 44 ˝hikmətli kəlam˝

Əziz dostlar, bu dəfə bloqumda belə bir yenilik etmək istədim. 2008-ci ildən facebooku aktiv istifadə edirəm və ogün-bugün xeyli sayda aktivliklər etmişik. Dünən təhlükəsizlik üçün bütün fb arxivini yükləyəndə bu

Sərbəst 0 Comments

20 il öncəyə həftəsonu ziyarətim

Bu gün bazar günüdür. Çoxdandır ki, etmək istədiyim, lakin heç cür risk edib o qədər külliyatın içinə girmək istəmədiyim bir işim var idi. Nəhayət bu gün 20 ildən də qədim

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın