Zamanın ətri, yoxsa zamanın sürəti?
“Həyatı sürətli yaşayan hər kəs sürətli də bitirir. Ölümə və ya sona bir az daha sürətlə yaxınlaşır” – Bu yaxınlarda oxuduğum 2 fərqli kitab və oğlumla tam təsadüfi söhbətdən sonra bu yazını yazmaq qərarına gəldim. Hətta deyərdim ki, sanki bu 2 kitab, oğlumla söhbətdən sonra daha çox özümü aydınlaşmış hesab edirəm desəm, yanılmaram. Məncə, məna axtarışında olan hər kəs bu yazını oxumalıdır. Əslində axtarışda olanların çoxu bu dünyada əslində elə məna axtarır. Sadəcə hərə mənanı bir şeydə görür deyə, məsələn, elə bilir ki, ona yaxşı bir iş lazımdır. Halbuki o istəyin kökündə iş özü yox, həyatında məna axtarışı durur. Biri elə bilir ki, mütləq evlənməlidir. Əslində o da evlilik deyil, məna axtarışındadır, elə bilir ki, evlənsə, tapacaq. Bu tip misalları çox uzatmaq olar. Dəqiq bildiyim odur ki, xüsusilə sürətli istehlak cəmiyyətlərində kasıbı da, varlısı da, sadəcə məna axtarışındadır.
Başlayaq birinci oğlumla söhbətdən.
Beyin rutinləri yadda saxlayır, amma yaddaqalan etmir
Bir gün oğlum soruşdu ki, “ata, bilirsən niyə insan səyahət edəndə ona elə gəlir ki, xeyli vaxtdır ölkədən çıxıb?”. Dedim yox, izah elə. Haradansa videosu qarşısına çıxıb, diqqətlə izləyib və sonra aramla izah etdi ki, bəs insan hər gün eyni şeyi etdikcə, eyni yolu getdikcə, eyni şeyləri gördükcə, bir müddət sonra onların hamısı rutinləşir deyə, beyin onları “görməməyə” başlayır. Nəticədə beyində təkrarlandığı üçün xüsusi yer tutmur deyə insana elə gəlir ki, vaxt çox sürətlə keçir. Halbuki səyahətdə də 1 saat elə 1 saatdır, sadəcə o yerlərin çoxu beyin üçün tam yenidir deyə, beyin onları yavaş həzm edir və sizə müddət uzun gəlir. Açığı deyim ki, çox xoşuma gəldi oğlumun bu kimi məsələləri araşdırması, hətta məqsəd səyahətə gedək mesajı vermək olsa da
Zamanın sürəti bizə onun ətrini hiss etməyə imkan vermir
Oğlumun bu izahını bir-iki dostuma demişdim ki, tam təsadüf əlimə Çul Xanın “Zamanın ətri” kitabı düşmüşdü. Oxuyanda gördüm ki, demək olar eyni mövzuya aiddir. Çul Xan deyir ki, müasir insan çox aktivdir, çox işləyir, çox istehsal edir, çox cavab verir, çox bildiriş alır — amma “orada olmaq”, dayanmaq, bir şeyin yanında qalmaq qabiliyyətini itirir. Əsas mesajı isə budur ki, zaman sürətlənməyib, zaman parçalanıb. Biz elə bilirik ki, həyat çox sürətlidir. Əksinə Çul Xanın fikrincə isə problem sürət yox, zamanın ardıcıllığını və istiqamətini itirməsidir. Günlər bir-birinə bağlanmayan tapşırıqlar, bildirişlər, görüşlər, postlar, deadline-lar arasında dağılır.
Mənalı zaman üçün dayanmaq lazımdır. “Lingering” — yəni qalmaq, ləngimək, bir şeyin içində olmaq mənasını verir. Dayanmadan yaşayan insan dərin təcrübə qazana bilmir. Kitabda diqqətimi çəkən ən xoşuma gələn mesaj isə bu idi – O, bizə hamımızın çox eşitdiyimiz “zamanı idarə et” demir, “zamana yenidən məna ver” deyir.
Digər oxuduğum kitab isə Mark Vitmanın “Hiss edilən zaman” kitabı idi. Burada zamanın axışı mövzusuna daha elmi-psixoloji yanaşılıb. Kitab təxmini belə suallara cavab axtarır: Niyə gözləyəndə vaxt uzanır? Niyə maraqlı işdə vaxt uçur? Niyə yaşlandıqca illər daha tez keçir? Duyğular, bədən ritmi, diqqət və yaddaş zaman hissimizi necə dəyişir? Kitabın verdiyi əsas mesajlar isə bunlardır;
- Zaman yalnız saatda ölçülmür, bədəndə hiss olunur. Wittmann üçün “hissedilən zaman” insanın bədəni, duyğuları, diqqəti və şüuru ilə bağlıdır.
- Darıxanda zaman uzanır, axışda zaman itir. Boş gözləmə zamanı biz özümüzə daha çox fokuslanırıq, ona görə də zaman ağırlaşır. Tam məşğul olduğumuz, “flow” yaşadığımız anlarda isə zaman sanki yox olur.
- Geriyə baxanda zaman yaddaşla ölçülür. Hansısa bir gün çox rəngarəng keçibsə, adama uzun gəlir. Hər gün eyni rutinlə keçibsə, geriyə baxanda “heç nə olmamış kimi” qısalır. Wittmann bu fərqi “clock time” və “felt time” ayrımı ilə izah edir.
- Yaşlandıqca zamanın sürətli keçməsi təcrübə azalması ilə bağlıdır. Uşaqlıqda hər şey yenidir, yaddaş izləri çoxdur. Böyüdükcə rutin artır, yaddaşda fərqli izlər azalır, illər daha qısa hiss olunur. Ona görə də yaşlandıqca, həyata fərqli aktivliklər qatmaq lazımdır.
- Diqqət və “mindfulness” zamanı “genişləndirə” bilər. Yeni təcrübələr, diqqətli yaşamaq, bədən hisslərinə qayıtmaq zamanın daha dolu hiss edilməsinə kömək edir.
Toxunaraq yaşa
Yazı üçün hazırlaşanda belə ən sakit vaxtı seçdim ki, tam fokuslanım. Çünki neçə gündür ki, beynimdəkiləri oxuduqlarımla qarışdırıb aram-aram həzm etməyə çalışıram. Və elə yaza-yaza yadıma düşdü ki, təzəlikcə keçirdiyimiz Bloger və influenserlər forumunda spikerlərimizdən biri olan Elməddin Cəfərovla şəxsi söhbət zamanı O da “toxunaraq yaşamaq” haqqında çox maraqlı söhbət etmişdi. Bəzən elə olur ki, yeməyi necə yeyib bitirdiyimiz yadımızda qalmır, el dili ilə desək, yeməyi haramıza yediyimizi unuduruq. Niyə? – çünki hiss edə-edə, həzz ala-ala yemədik. Əslində zamanın ətri elə ona toxunaraq yaşamaqdır. Çünki sən nəyəsə real toxunanda onu real hiss edirsən. Müasir cəmiyyət bizim toxunmaq və onun verdiyi hissləri get-gedə əlimizdən alıb. Çul Xan insanlarda yaşanan bu problemi bugünkü mədəniyyətdə görür – kapitalizm, performans cəmiyyəti, sürət, aktivlik, uğur və məhsuldarlıq təzyiqi və s. Vitman isə diqqətini artır, bədənini hiss et, təcrübələri dərk et deyir. Bu 3 istiqamətin birində azalma yuxarıda sadalanan problemlərə gətirib çıxara bilər.
Nəticə
Həyatın uzunluğu saatla yox, mənalı, diqqətli və yadda qalan təcrübələrlə ölçülür. Özünüzü qaçarağa salmayın, tələsməyin, dayanmağı və düşünməyi öyrənin, məşq edin. Bu həyatda daim tələsərək gecikən adamlar çoxdur. Daha zamanı idarə etmək yox, ona məna qatmaq lazımdır. Zamana məna qatan adamlardan möhkəm yapışın. Onlar Sizə heç vaxt əldə edə bilmədiyiniz hissləri yaşamağa kömək edəcək. Eqonuz Sizi ruhən tək adama çeviribsə, dəqiqdir ki, nəyisə düz etmirsiz. Daim axtarışdasınızsa, həyatınızda məna çatışmır. O mənanı bir şeydə görmək lazım deyil. O məna yaşadığınız hər günün içində, hər anın xatirəsindədir. Nəyi yaşamaq istəyirsizsə, damarınıza qədər hiss edəcək səviyyədə yaşayın. İnsan etdiklərinə görə deyil, etmədiklərinə görə peşman olur. Dayanın və özünüzə sual verin – Bu günə qədər nəyi etmək istəyib, amma etməmisiz? Günə elə ilk ondan başlayın!
Yazar haqqında
Editor review
Summary
Həyatın uzunluğu saatla yox, mənalı, diqqətli və yadda qalan təcrübələrlə ölçülür. Özünüzü qaçarağa salmayın, tələsməyin, dayanmağı və düşünməyi öyrənin, məşq edin. Bu həyatda daim tələsərək gecikən adamlar çoxdur. Daha zamanı idarə etmək yox, ona məna qatmaq lazımdır. Zamana məna qatan adamlardan möhkəm yapışın. Onlar Sizə heç vaxt əldə edə bilmədiyiniz hissləri yaşamağa kömək edəcək. Eqonuz Sizi ruhən tək adama çeviribsə, dəqiqdir ki, nəyisə düz etmirsiz. Daim axtarışdasınızsa, həyatınızda məna çatışmır. O mənanı bir şeydə görmək lazım deyil. O məna yaşadığınız hər günün içində, hər anın xatirəsindədir. Nəyi yaşamaq istəyirsizsə, damarınıza qədər hiss edəcək səviyyədə yaşayın. İnsan etdiklərinə görə deyil, etmədiklərinə görə peşman olur. Dayanın və özünüzə sual verin – Bu günə qədər nəyi etmək istəyib, amma etməmisiz? Günə elə ilk ondan başlayın!
Həmçinin oxuya bilərsiniz
“Düz yoldan azıb nabələd ünvanlara düşənlərin” gündəliyi
İnsan ölməmişdən qabaq onun xatirələri ölür. Uşaq olursan, yavaş-yavaş böyüyürsən. Uşaqlıqda məhlədəki, qonum-qonşuda tanıdığın qoca adamların çoxu sənin böyümə ərəfəndə ölür. Hələ tam olaraq ölümü dərk etmirsən. Elə bilirsən, hamı
Sən də bir kişi olmadın – rubrikası
Bir-neçə il öncə facebook profilimdə ara-sıra məlumatlar paylaşdığım bir rubrika açmışdım. Adı “Sən də bir kişi olmadın” idi. Rubrikanın “qonaqları” adətən Azərbaycan tarixində mənfi xüsusiyyətləri ilə iz salan şəxslər olurdu.
Etirazın yerdəyişməsindən yaranan qəhrəmanlar
“Ласковый май” qrupu ilə tanışlığım hərbi xidmət illərimə təsadüf edir. Bekarçılıqdan az qala bir-birinə dəyəndə səs çıxardan hər şeyə qulaq asırdıq deyə zövqümüz də tamam korlanmışdı. Elə o ərəfələrdə necə

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun