Teymur Paşanın Gündəliyi

Teymur Paşanın Gündəliyi

İstəyirəm ən yaxın dostum Teymur Paşanın 2002-ci ildən başlayraq 18 il ərzində ildə 3-4 dəfə xatırlatdığı “nə vaxt yığışırıq” təklifinin reallaşma məclisində olum. Mən buna məclis deyim, siz qonaqlıq deyin, sxodka deyin, ciyəraxşamı deyin, nə bilim “kitab oxumaq” deyin. Əl qərəz ürəyiniz nə istəyir deyin, onsuz əsas forma deyil, mahiyyətdir.

Məclis üçün facebook qrup yaradılsın, amma yığışma günü və tərkibi barədə günlərlə müzakirə getsin, heç cür fikri bir yerə qoymaq alınmasın. Sözü hərə bir tərəfə dartsın. Paşamın şəxsi mühafizə xidmətinin rəhbəri (ŞMX rəisi) Bayramov söhbəti kənardan izləsin, işi ancaq smaylik qoymaq olsun, yəni ki, paşamla işiniz olmasın, gözüm üzərinizdədir. Paşanın ruh əkizi Sabir Ağa da arada bir söhbətə kurs olsun ki, ay xaricdəyəm, məni də gözləyin zad, amma o tərəfdən də fbdə status guppuldatsın.

Nəhayət tədbir Şərəfə kənd orta məktəbinin idman zalının soyunub-geyinmə otağında baş tutsun. Yerə-göyə sığışmayan, ümum bəşər biznesmen, həmişə də səfərlərdə olduğu üçün ləqəbi “Göydələn Sabir” olan dostumuz gələndə Teymur Paşama üstündə “P” hərfi döyülmüş təsbeh gətirsin. Görüşdə paşamın davalarında ortaya girib ən yaxın dostu kimi həmişə onu “neprav” çıxardan “Qan Kamran”, xoş günün dostu “MDF Ilkin”, nümunəvi vətəndaş olan “Qara Vüsal ”, özünün və sözünün çəkisi ilə hər daim fərqlənən Vusal Gülərüz”, “Kitab Parviz”, abilərin ən təbiisi Renat abi də iştirak etsin. Təcili şəkildə marketdən tələm-tələsik alınan hər şey stolun üstünə düzülsün, paşam gözləri parıldaya-parıldaya kağız selofandan 2 ədəd arağı çıxartsın ki, “uşaqlar quş südü də hazırdı”. ŞMX rəisinin də birdən yadına düşsün ki, Sabir Ağa ancaq nol pivə içir, tez gedib maşının baqajından 2 dənəsini gətirib ağamızın qabağına qoysun ki, “ağa nuş elə, onsuz hamı bilir ki, o dünyada ən balaca günahın içməmək olacaq”.

Əlqərəz, yeməksiz-zadsız ilk rumkanı iştah açsın deyə məclisdə süzmək işinə baxan Pərviz hamıya süzüb qayıtsın ki, “heç olmasa süzəndə ədalətli süzək, heç olmasa bu məqamda ədalətli olaq, demirəm ki, həmişə, heç olmasa bir dəfə”. Bu moment ağa onun sözünü kəssin ki, “ə otur, kitabını oxu”.

İlk sözü də paşam haqqında sağlıq demək üçün mənə versinlər, mən də sözə başlayaraq qayıdım ki, “Dostlar, mən bu sağlığı üzr istəyirəm, yaxın dostum Paşam haqqında demək istəyirəm. Mən onun haqqında zaman-zaman yazmışam, amma mən kiməm ki? Məşhur məclisdə deyildiyi kimi “biz xırda adamlarıq”. Onun haqqında tarix özü yazıb, şerlər həsr edilib, önündə güllər dəstələnib, mahnı bəstələnib, sevdasından qızlar xəstələnib. Bircə onu bilin ki, Paşamın özü bir şey olmasa da, dedikləri fəlsəfədir, dənizdir. Vallah xatırladıqca da qəhər məni bürüyür, deməli, bir gün sual verdim ki, “paşam, səncə az pulu olan insan necə xoşbəxt ola bilər?”, dedi ki, “Çox pulu olan adam necə bədbəxt ola bilərsə, o cür” Açığı bu sözü deyəndə özü bir az dəm, mən isə hələ universiteti bitirməmişdim deyə çox başa düşməmişdim. Öz təbirincə desək, and olsun Uca Zevsə, bu adamın həyatı çox çətin keçib, giriş-çıxışlı, eniş-yoxuşlu yollar qisməti olub. Uzun sözün qısası, dostlar, Paşanı bu günə salan Allah bizə nağarmaz ki. Çalışaq sağlam olaq, uzun olmaya bilər, amma keyfiyyətli ömür sürək”. Deyilənlərdən mütəəssir olan “Vüsal Gülərüz” rumkanı başına çəkib tələsik paşanın keçəlindən öpsün.

Sıra gəlib çatsın paşanın qara işlərindən məsul kassası “Göydələn Sabir”ə, yəni Sabir Ağaya. Ağamız nol pivəni birinci burnuna yaxınlaşdırıb spirtsiz olduğundan əmin olandan sonra dursun ayağa və sözə başlasın. “Ə bə qardaşlar, siz intelligent adamlarsız, mənimki, puldur. Düzdü pul mənim üçün önəmli deyil, amma miqdarı önəmlidir o heç. Sözüm ona yox, bir halda ki, biz hamımız paşanın ocağına yığışmışıq, gərək mən də 2-3 cümlə düzüm qoşum. Adı yadımdan çıxıb amma uşaq vaxtı bir kitabdan oxumuşdum ki, “adam var evdən gedər, adam var eldən gedər, adam da var əldən gedər”. Mən paşamı bu 3 kateqoriyadan 3-cüsünə aid edirəm. Özünüz başa düşdüz, sağ olun!”

Şəninə deyilən tərfilərdən meyxoş olan paşa özünə əziyyət vermədən elə sözə davam edib “ bir gün avtobusda gedirdim. 2 qoca kişi bir-birilə söhbət edirdi. Birdən biri o birinə qayıtdı ki, bəs filankəsi tanıyırsan da, onun da həyatda puldan başqa heç nəyi” yoxdur. İnanın ki, o söz məni öz fəlsəfi gücü ilə necə nakauta saldısa, hələ də altdayam. Nə başınızı ağrıdım, söz vaxtını çəkər, 3-4 il qabaq bu vaxtlar olardı, “Washington Post”da kiçik bir müsahibə almışdılar məndən. İndiki kimi yadımdadır orda bir yer vardı, dedim ki, “adam var adamdan öz keçmişini, adam da var adamdan öz gələcəyini gizlədir.” Bu fikrin mənim həyatımdakı dəyişikliklərdə çox hidravlik rolu oldu, amma demək istəyirəm ki, gəlin elə yaşayaq ki, nə keçmişimizdən, bu günümüzdən, nə də gələcəyimizdən qorxaq”.

Elə bu dəm paşaya baxa-baxa bütün günahları lent kimi gözünün önündən keçən Ilkin ürəyində düşünsün ki, “görəsən dünyaya nöş gəlib insan?”

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Əziz Nesin – Bir sürgünün xatirələri

Bugünlərdə Əziz Nesinin “Bir Sürgünün Xatirələri” kitabını oxudum. Hələ məktəbdə oxuyarkən onun satirik hekayələrini oxumuşdum. (İndiki uşaqlar möcüzədir) Özü də dəqiq xatırlayıram ki, kitabı kirilcə oxumuşdum. O vaxt yaşım az

Sərbəst 0 Comments

Sən də bir kişi olmadın – rubrikası

Bir-neçə il öncə facebook profilimdə ara-sıra məlumatlar paylaşdığım bir rubrika açmışdım. Adı “Sən də bir kişi olmadın” idi. Rubrikanın “qonaqları” adətən Azərbaycan tarixində mənfi xüsusiyyətləri ilə iz salan şəxslər olurdu.

Sərbəst 0 Comments

𝐔𝐠̆𝐮𝐫𝐥𝐚𝐫ı𝐦ı𝐳ı 𝐨̈𝐳 𝐠𝐨̈𝐳𝐮̈𝐦𝐮̈𝐳𝐝ə 𝐛𝐨̈𝐲𝐮̈𝐭𝐦ə𝐥𝐢𝐲𝐢𝐤, 𝐛𝐚𝐬̧𝐪𝐚𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐠𝐨̈𝐳𝐮̈𝐧𝐝ə 𝐝𝐞𝐲𝐢𝐥

20 ilə yaxındır kitabxanamda olan, amma oxumadığım bir kitabı təsadüfən vərəqləməğə başladım. Qısa-qısa tam oxuduqca maraqlı gəldi, oxudum bitirdim. Sonra yadıma düşdü ki, bu kitabı universitet vaxtı müəllimimiz əlavə ədəbiyyat

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın