Gözə girən müdirin gündəliyi

Gözə girən müdirin gündəliyi

İstəyirəm günü-günə calaya-calaya sıravi işçidən minbir hiyləylə müdirlik səviyyəsinə çatım. Tez-tez işi dəyişim, amma xasiyyətim dəyişməsin. Mənə elə gəlsin ki, sahibkarın xoşuna gələn-gedən istənilən yol məqbuldur. Bu fikir həyat kredom olsun. Çörək kəsdiyim istənilən adamı, dilinə, dininə, irqinə, cinsinə baxmadan “rasxoda vermək”dən həzz alım.

Fəaliyyətim boyu “müasir menecmentin” bütün mütərəqqi alətlərindən – işverənlik, sahibkara ondan-bundan söz çatdırma, badalaq gəlmə, yalandan şayiə yayma, özümü yaxşı oğlan kimi göstərmə, şirkətin pulunun qoruyucusu qələminə vermə, aidiyyatı yerlərə öz adamlarımı yerləşdirmə, “mən olmasam bu şirkət batar” fikrini formalaşdırma, gizlin-gizlin oğurlayıb, amma özümdən başqa hamını oğru kimi görmə və göstərmə, sahənin ən çox biləni vidini almaq üçün puldan basıb elmi titullar alma kimi variantlardan məharətlə istifadə edim. Və bütün bunlardan sonra nəhayət istədiyim ünvana və pula sahib olum.

Şirkətə hamı gəlsin-getsin, amma mən qalım, hər gedənin arxasından danışıb, yeni gələnin qabağında da müvəqqəti əyilməkdən zövq alım. Özümə elə bir mövqe tutum ki, məsuliyyətim az, səlahiyyətim çox olsun. Yəni hamıya “mən olsam elə edərəm, belə edərəm” deyə-deyə illəri küləyə verim.Diqqəti özümdən yayındırmaq üçün bütün digər departamentlərinin işinə burnumu soxum, ömürlərinə oturum. Elə eliyim ki, ancaq müdafiə olunsunlar, mənim qarışıq işlərimə ayırmağa vaxtları və həvəsləri qalmasın. İllərdir rəhbərliyin gözündə formalaşdırdığım “xilaskar” obrazının darmadağın olmağından it kimi qorxum. Ona cəhd edən hamını min bir yolla rəhbərin gözündən salmaq əsas məqsədim olsun.

Qəsdən bütün işlərimi elə dolaşıq görüm ki, heç bir kopoğlu baş açmasın. Guya mail yazmaqdan zaddan zəhləm gedir vidi verim, amma bunu iz buraxmamaq, sonra dilimdən tutmasınlar deyə etdiyimi kimsə bilməsin və ya çox gec bilsin. Ancaq özümə sərf edən maillərə qısa cavablar verim ki, guya uzun yazmağa vaxtım yoxdur. Ümumiyyətlə, özümü vixodnoy-zad bilməyən adam kimi göstərim. Həftə içi onla-bunla vaxt öldürüm, amma həftəsonu bir-iki saatlıq işə dəyim və o anda bütün şirkət bilsin ki, mən işdəyəm. Yalandan ona-buna zəng edim, tapşırıq verim, acıqlanım. Qısası hamının istirahətini burnundan gətirəndən sonra ən sonda sahibkara da bir səbəb tapıb zəng edim ki, bəs xəbəri olsun ki, işdəyəm, işləyirəm, məndən başqa heç kimin iş vecinə deyil zad.

İllərdir dəyişməyən fırlatma metodlarımın haqqını artıqlaması ilə vermək mənə ləzzət etsin. Divara sıxışdırılanda acıqlanmaq, səs tonunu qaldırmaq, cığallıq etmək, mövzunu dəyişmək, görüşü ertələmək, edərəm deyib sonra etməmək, unutdurmağa çalışmaq kimi vasitləri təzə gələn hamının üstündə tətbiq edim. Xüsusən də sərf etməyən bir mövzuda müzakirə edəndə bir bəhanə tapıb səs-küy salanda hamının ədəbindən susması eqomu elə sığallasın ki, özümü ömür boyu açıq qalan krantdan faydalanan biri kimi hiss edim.

Artan iş təcrübəmdənmi, ya xasiyyətimin mundarlığından irəli gələrək bütün addımlarda sahibkarın idarə etmə stilinə “stavka” etməyi özümə borc bilim. Professionallıq, ədalət, zəhmətin haqqını verənə dəyər vermək, hörmət qoymaq kimi məfhumlara münasibətim sahibkarın bu kimi şeylərə münasibətindən asılı olsun. Tez-tez görüşlərdə falan rəhbərimin xoşuna gələn sözlərdən istifadə edim. Məsələn, gəlin qənaət edək, bu qədər işçi nəyə lazımdır, doldurmusuz artıq işçiləri, maaşları kəsmək lazımdır, gəlin bu şirkəti düşünək kimi zəvzək-zəvzək danışım və elə edim ki, bunu bir yolla sahibkara da çatdırsınlar. Amma bütün bunları deyəndə heç bir iş görməsə də ora-bura yerləşdirdiyim kadrlardan, xımır-xımır heç kimin başı çıxmayan sahədən oğurluqlarımdan, hamam suyu ilə özümə dost tutmağım, maddi və mənəvi maraqlarım naminə şirkət əmlakını israfdan çəkinməməyimdən bir qram da utanmayım, ölüb yerə girməyim. Bir sözlə, öz arsızlığıma özüm də məəttəl qalım.

Özümdə ən bəyəndiyim xüsusiyyət arsızlığım olsun. İçib eliyəndə də bunu cavanlara məsləhət kimi deyim ki, heç kimi vecinizə almayın, onsuzda sizi vecinə alan yoxdur.

Bunlar hamısı öz yerində, amma bir şey həmişə məni düşündürsün. Qazandığım və oğurladığım hər şeyi dəqiq xatırlasam da, şəxsiyyətimi itirdiyim günü heç vaxt xatırlamamağın ağırlığı isə bir ömür üzərimdə olsun!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

İstəyirəm günü-günə calaya-calaya sıravi işçidən minbir hiyləylə müdirlik səviyyəsinə çatım. Tez-tez işi dəyişim, amma xasiyyətim dəyişməsin.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Səbrsizliklə gözlədiyim 7 hadisə

İlin sonu yaxınlaşanda adətən insanlar gələcək il üçün planlar qururlar. Mən heç vaxt bu işi nə dekabrda, nə də yanvar ayında etməmişəm. Etməyi də sevmirəm. Çünki o aylar elə aylardır

Sərbəst 0 Comments

Teymur Paşanın tətil gündəliyi (Satirik yumor janrında hekayə)

#İstəyirəm payız gəlməmiş mən də bütün “ağ adam”lar kimi istirahətə gedim, amma anidən müdir dəyişikliyi bütün planlarımın içinə gül əksin. Öz-özümə deyinə-deyinə iş yoldaşım Ramilə votsapdan yazım ki, “kələ, plan

Sərbəst 0 Comments

“Düz yoldan azıb nabələd ünvanlara düşənlərin” gündəliyi

İnsan ölməmişdən qabaq onun xatirələri ölür. Uşaq olursan, yavaş-yavaş böyüyürsən. Uşaqlıqda məhlədəki, qonum-qonşuda tanıdığın qoca adamların çoxu sənin böyümə ərəfəndə ölür. Hələ tam olaraq ölümü dərk etmirsən. Elə bilirsən, hamı

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın