Reallıq hissi və 3 böyük fikir – Xəqanidən öyrəndiklərim
Hərdən fikirləşirəm ki, görəsən indiki düşüncəm 20 il əvvəl olsaydı, necə olardı? Və təbii olaraq belə qənaətə gəlirəm ki, hər şey daha gözəl, mənim üçün daha yaxşı olardı. Bilmirəm, bəlkə də yaşananlar yaşanmalıdır ki, öyrənəsən. Bəlkə də elə həmişə ehtiyatını tutmalı, özündən əvvəlki yolların təcrübəsini öyrənməlisən. Bu dəqiqə kimi dindirsən deyəcək ki, əlbəttə ki, ən gözəli kiminsə səhvindən öyrənməkdir. Bu amma türklər demiş “dile kolay’. Real həyatda hər şey yazıldığı kimi olsaydı nə var idi ki. Ona görə də bir müddətdir düşüncəm belədir ki, nə yaşamısansa, bütün səhvləri və düzləri ilə gözəldir. Öyrəndiklərini də götür keç növbəti ilə. Mahnıda deyildiyi kimi nə olur-olsun, “olanı xatirədir” 
Ümumiyyətlə, dünyada ən böyük bədbəxtlik reallıq hissini istirməkdir. Ən pis xəxtəlik, ən pis hadisə və s. heç biri mənə görə reallıq hissini itirməkdən dəhşətli ola bilməz. Bu gün nə qədər insan var ki, reallıq hissini itirdiyinin fərqində deyil. Və buna biz yaşamaq deyirik. Qıraqdan baxan üçün cəlbedici görünən nə qədər həyat var ki, onun sahibi əslində reallıq hissindən bir neçə il olar ki, uzaqlaşmış adamdır, xəbəri yoxdur. Xəbəri olanda da inanmaq istəmir, qaçır. Çəkisindən narazı olan adam tərəziyə çıxmır ki, görüb daha da pis olmasın. Amma bu faktı dəyişdirmədiyi kimi reallıq hissinin qəbul edilməməsi də faktı dəyişdirmir. Bu gün Sizin də tanıdığınız və addımlarına, hərəkətlərinə haqq verə bilmədiyiniz, hətta çox gülməli qəbul etdiyiniz nə qədər nümunələr var ki, onların bir çoxdunda bu xəstəlik var – reallıq hissinin itirilməsi.
𝐑𝐞𝐚𝐥𝐥ı𝐪 𝐡𝐢𝐬𝐬𝐢𝐧𝐢𝐧 𝐢𝐭𝐢𝐫𝐢𝐥𝐦ə𝐬𝐢 ə𝐬𝐥𝐢𝐧𝐝ə 𝐝𝐚𝐱𝐢𝐥𝐢 𝐟𝐚𝐜𝐢ə𝐝𝐢𝐫. Heç bir halda zahiri problem deyil, əksinə reallıq hissini itirmiş adamın addımları özündən xaricdə olan hamını xoşbəxt edir. Hamı bu hissin nəticələrindən qazanır, bir tək özündən başqa.
Girişi belə verməyim səbəbsiz deyil. İlk abzasda yazdığım kimi hər yaş özündən əvvəlkilərlə müqayisədə sənə nəsə qatmalıdır. Hər yeni yaşda sənin yeni həqiqətlərin yaranmalı, mövcudlardan bəziləri silinməli, bəziləri daha da güclənməlidir. Biri var şüalanmaya məcbur qalırsan, sonra müalicə olunursan. Biri də var şüalanmaya məruz qalmadan preventiv addımlarla xilas olursan. Kaş ki, həmişə ikincisi ola.
Mənim özümdə 4-5 il öncə xüsusilə şüalanmaya məruz qalaraq öyrəndiyim bir çox həqiqətlərin məndə yaranmasına səbəb olan adamlar var. Mən onlara həmişə minnətdar olacam. O adamların bəziləri haqqında daha öncə yazmışam. Bu gün isə uzun illər tanışlıqdan başlayan yolun dostluğa çevirdiyi Xaqani Səfərov haqqında yazmaq istəyirəm. Daha doğrusu həmin o təlatümlü günlərdə Xaqanidən öyrəndiklərimi yazmaq istəyirəm ki, bəlkə kiməsə mənim kimi faydalı ola. Yaxşı ya pis bildiyin, öyrəndiyin şeyləri paylaşmaq çox vacibdir. Kimsə ya oxuyub öyrənəcək, ya da düşünüb qərara gələcək ki, yox belə deyil. Hər biri faydalıdır deyə gördüyünü, bildiyini yazan, paylaşan adamların çox vacib iş gördüyü qənaətindəyəm.
“𝐁𝐢𝐫 𝐚𝐝𝐚𝐦𝐝𝐚 𝐛𝐢𝐫 ş𝐞𝐲𝐢𝐧 𝐤𝐢ç𝐢𝐲𝐢 𝐯𝐚𝐫𝐬𝐚, 𝐨𝐧𝐮𝐧 𝐛ö𝐲ü𝐲ü 𝐝ə 𝐯𝐚𝐫”
Bir dəfə Xaqani məni gözləmədiyim anda görüşə çağırdı və biz oradan-buradan xeyli söhbət etdik. Söhbətin sonunda 2 şeyə daha aydın cavab tapmışdım. Reallıq hissimin olduğu nöqtədən məsafəmi daha net görmüşdüm, bir də vacib bir iki real hadisə üzərindən çoxdan düşündüyüm suallara cavab tapmışdım. Onlardan biri də Xaqaninin hansısa ədibdən və ya din xadimindən gətirdiyi yuxarıdakı dırnaq içindəki cümlə idi. Uzun yazıb yormaq istəmirəm, amma bu sözün mahiyyətini başa düşəndən sonra keçmişə qayıdıb nə qədər adamın əslində necə adam olmasını illər öncə göstərdiyini, amma mənim özümün heç cür bunu qəbul etmək istəmədiyimin fərqinə vardım. Necə gözəl bir yanaşmadır. Bu sözü yadımda bərk-bərk saxlamışdım. Ondan sonra yolumun üstündə olan və ya yoluma çıxan adamlarda bəyənmədiyim ən kiçik xüsusiyyəti belə görəndə düşünürdüm ki, yüz faiz əlverişli mühit olsa, bu adam onun böyüyünü də edəcək. Bir-iki testdə də düz çıxmışdı. Ondan sonra bu metodu tətbiq edərək həyatımı çox rahatlaşdırmışam. Bəlkə də bir çox keysdə qurunun oduna yaş da yanır. Amma bizim sınamaq üçün o qədər zamanımız və həvəsimiz yoxdur axı. Ona görə çox uzatmadan, kəsib atıram. Siz də bunu oxuyanda oturub fikirləşin, görün indi pis dediyiniz adamlar əslində illər öncə hansı hərəkətləri ilə indi pis dediyiniz hərəkəti edə biləcəyini göstərib? Əminəm ki, çox düşünsəz, tapacaqsız.
«𝐂ə𝐳𝐚𝐥𝐚𝐧𝐝ı𝐫𝐦𝐚𝐪 𝐯ə 𝐪𝐢𝐬𝐚𝐬 𝐬ə𝐧𝐢𝐧 𝐢ş𝐢𝐧 𝐝𝐞𝐲𝐢𝐥»
Bəzi hadisələri müzakirə edəndə, çox maraqlı bir cümlə işlətmişdi ki, qisas və cəzalandırmaq sənin işin deyil. O işi üzərinə götürməklə, o işdən məsul qüvvənin işinə qarışırsan. Bu dünyada hamı vasitəçidir. Sənə yaxşılıq edən də vasitəçidir, pislik edən də. Səhv bir şeydə cəzalandırmaq Ona həmin vasitəçiliyi verənin üzərinə düşür. Ona görə də enerjini tez sağalmağa və öz növbəti işlərinə fokuslan. Həqiqətən də bunu tam dərk edəndən sonra başımı aşağı salıb var gücümlə işlədim və o gün öhdəsindən gələ biləcəyimə böyük şübhələr etdiyim elə işləri bacardım ki, bütün həyatım dəyişdi. Zamanında cəzalandırmaq istədiyim adamları isə tale özü çoxdan cəzalandırmışdı, mənə ehtiyac qalmadı. Həqiqətən də ədalət gec-tez öz yerini tapır. Hətta o adamların pisliyini unutduğumu onları görəndə heç bir hiss keçirməməyimlə əmin oldum. Yaranın səni incitmədiyi gün sağaldığın gündür – məhz bu söz daha gözəl ifadə edir. Hətta bunu daha da qüvvətləndirən və indiyədək eşitmədiyim bir fikri də təsadüfən söhbət zamanı Mustafa müəllimin dilindən eşitdim. 41 yaşımda bunu ilk dəfə eşitdiyimə çox pis olmuşdum. «İ𝐥𝐚𝐧 𝐬ə𝐧𝐢 𝐬𝐚𝐧𝐜𝐚𝐧𝐝𝐚 𝐢𝐥𝐚𝐧ı𝐧 𝐲𝐨𝐱, 𝐝ə𝐫𝐦𝐚𝐧ı𝐧 𝐝𝐚𝐥ı𝐧𝐜𝐚 𝐪𝐚ç𝐦𝐚𝐥ı𝐬𝐚𝐧». İlanın dalınca qaçsaq, zəhər bizi öldürəcək. Təxminən yuxarıdakı mövzu ilə məntiq eynidir.
“𝐇ə𝐲𝐚𝐭𝐝𝐚𝐤ı 𝐭ə𝐛𝐢𝐢 𝐫𝐨𝐥𝐮𝐧𝐝𝐚𝐧 𝐛𝐚ş𝐪𝐚 𝐫𝐨𝐥𝐮𝐧 𝐚𝐥𝐭ı𝐧𝐚 𝐠𝐢𝐫𝐦ə”
Yenə fərqli söhbətlər zamanı maraqlı bir cümləsi də yadımda qalmışdı. Ümumiyyətlə deyim ki, son zamanlar şeri belə əzbərləyirəmsə, onun məna harada lazım olacağını bilməsəm, əzbərləmirəm. Ona görə də istənilən söz və addımdan özümə nəsə götürürəmsə, yadımda saxlayıram. Bu söhbətimiz də elə olmuşdu. Söhbətin məğzi isə təxmini belə idi ki, sən kiminsə oğlusansa, oğulluq eləməlisən, qardaşısansa qardaşlıq etməlisən. Amma ata və anana atalıq etsən, qardaşına atalıq etsən, bu rol səni yoracaq və sonda yenə səndən narazı qalacaqlar. Əslində anlayan üçün burada böyük hikmət var. Təbii ki, nümunə şərtidir, əsas mahiyyəti göstərmək üçün istifadə edilib. Ona görə səni bir şey sıxırsa, düşünməlisən ki, sən hansı rolundan kənar bir rolu üstlənirsən ki, səndən də gözlənti o müstəvidə olur.
Yuxarıda dediyim hər 3 fikir son illər öyrəndiyim, yadımda saxladığım və ən əsası tətbiq etdiyim 3 fikirdir. Əlavələr də var. Amma bunlar siyahıma əlavə olunandan xeyli rahatlaşmışam. Daha heç nəyə təəəcüblənmir və pis olmuram.
İnsanın yaxşı dostlarla əhatə olunması Allahın ən gözəl hədiyyələrindən biridir. Çalışın Sizin də ətrafınızda yaxşı dostlarınız olsun. Amma unutmayın ki, yaxşı adamların yaxşı dostları çox olur. Ona görə də çalışıb özün də yaxşı olmalısan, ədalətli yanaşmanı qurban verməməlisən. Ə𝐝𝐚𝐥ə𝐭𝐥𝐢 𝐝𝐨𝐬𝐭 𝐭ə𝐫ə𝐟𝐬𝐢𝐳 𝐨𝐥𝐚𝐧 𝐝𝐞𝐲𝐢𝐥, 𝐡𝐚𝐪𝐪ı𝐧 𝐭ə𝐫ə𝐟𝐢𝐧𝐢 𝐭𝐮𝐭𝐚𝐧 𝐚𝐝𝐚𝐦𝐝ı𝐫. 𝐇ə𝐭𝐭𝐚 𝐡𝐚𝐪𝐪 𝐬ə𝐧 𝐨𝐥𝐦𝐚𝐬𝐚𝐧 𝐛𝐞𝐥ə.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
90-cı illərin koronasız uşaqlıq illəri
90-cı illərə düşüb uşaqlığımız. Uşaq yaşda olmuşuq, amma uşaqlıq yaşamışıq sayılmaz o qədər də. Hər şeydən 1 ədəd olub 1 il boyu. Azı 1 il. Bir “razmer” böyük alınırdı paltarlar
Toksik pozitivlik
Son zamanlar oxuduğum bir çox xarici elmi məqalələrdə tez-tez “toksik pozitivlik” termininə rast gəlirəm. Düzdür, hələ ki, elmi termin kimi işlənmir, amma bir müddət sonra aktiv istifadə ediləcəyinə inanıram. Xüsusən
Müşahidə et, planla, yaz, unutma, sil – 2020 düşüncələri
Özümü biləndən bütün işlərimi planlı görməyə çalışmışam, görmüşəm. Planımda olmayan heç nəyə öncəlik vermirəm, planlanan görüşlər, tapşırıqlar və onların icrası düşünürəm ki, mənə daha çox şey qazandırıb. Planlı olmaq sistemli

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun