Bu gün bütün dünyada dəyərlərin özündən daha çox onun əhlilləşdirilmiş, zooparka salınmış formasını bizə göstərirlər.
Necə ki, zoopark heyvanların təbiətinə ziddir, eləcə də bu gün sırınan münasibətlər də insanın təbiətinə ziddir.
Zooparkda şir öz təbiətinin əksinə daha sakitdir, komfort zonasından kənardadır. Yeməyi, içməyi hər şeyi var, təhlükəsizdir, amma zoopark heyvanlarının “xoşbəxtliyi” heç vaxt təbii ola bilməz. Zooparkda şirə baxmağa gələn insan da əsl şiri yox, görmək istədiyi şiri görə bilir. Zooparkda şirin mahiyyəti yox, forması göstərilir. Onunla şəkil çəkdirir, bəzən toxuna bilir, hətta istəyəndə insan onu “əl meymunu”na döndərə bilir. Kobud desək, bu vəziyyət nə şiri tam məmnun edir, nə də yekunda ona baxan insanı.
Mahiyyət forma ilə bir yerdə olanda mənaya çevrilir, mənası olur. Məna axtardığımız hər şeyin həm mahiyyəti, həm də forması bizə aydın olmalıdır. İkisindən biri olmayanda məna yüklədiyimiz istənilən şeyə birmənalı məna demək olmaz. Nədəsə məna tapmasanız bilin ki, ya mahiyyəti, ya da formanı düzgün dərk etməmişik.
Bu gün bizə sırınan süni pozitivizm (toksik pozitivlik) insanın özünü istismar etməsinə, gözləntilərinin dönülməzliyinə gətirib çıxarır. Çulhan deyir ki, ölüm azadlığı olmayan tərəf həyatını təhlükəyə atmaz. Yəni bizə azadlıq kimi görünən çox şey əslində eyniliyin azadlığıdır. Eynilik isə mahiyyət ilə formanı çox vaxt eyniləşdirir. Eyniləşən hər şey isə hər gün bir az öz orijinallığını itirir, bir növ öz təbiətindən uzaqlaşır.
Münasibətlərin kökündə duran sevgi və dəyərlərin bizə əhlilləşdirilmiş, zooparka salınmış forması göstərilir. O isə heç vaxt orijinal olmadığı üçün bizi məmnun etmir, hüzur vermir.
